Suvarma işləri ilə bağlı operativ qərargahın növbəti müşavirəsi keçirilib
Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti təşkilat rəhbərləri və rayon icra hakimiyyəti başçısının Cəlilabad şəhər, Üçtəpə, Təzəkənd, Alar, Günəşli, Əliqasımlı, Qarazəncir və Sabirabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ərazisində suvarılan torpaqlarda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması eyni zamanda əkin sahələrinin vaxtında və normal suvarılmasını, suvarma suyunun əkin sahələrinə ədalətli və növbəlik prinsipləri əsasında verilməsi məqsədilə tərtib olunmuş gündəlik nəzarət qrafikinə ciddi əməl olunmasını bir daha müşavirə iştirkaçılarına tapşırmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini Nazim Şükürov çıxış edərək qısa zaman ərzində 6-12 aprel tarixi aralığında 10 kənd üzrə gündəlik nəzarət qrafikinə uyğun olaraq suvarma işlərinin görüldüyünü və ümumilikdə 2.2 mln³ sudan istifadə olunaraq taxıl (107ha), pambıq (43ha), kartof (1127ha), yem bitkiləri (57ha) olmaqla əkin sahələri suvarılmış və hal-hazırki vəziyyətin qənaətbəxş hesab edildiyini bildirmişdir.
Rayon suvarma sistemləri idarəsinin rəisi Xanlar Mirzəyev çıxış edərək həmin ərazilərdə sudan səmərəli istifadə olunmasını, heç bir itkiyə yol verilməməsinin vacibliyini və ən yaxın vaxtda suvarma işləri yekunlaşdırıldıqdan sonra ikinci suvarma işlərinə başlanılacağını bildirmişdir.
Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və ümumi müzakirələr aparılmışdır.