Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin anım günündə büstünün açılışı olub
Sentyabrın 29-da Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub.
Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən bəhs edib.
Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.