Vətən müharibəsində adını tarixə yazdıran şəhid Mahir Paşayevin ailəsi ziyarət olunub
9 sentyabr 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Paşayev Mahir Bəxtiyar oğlunun ailəsini ziyarət etmişdir.
Şəhidin ailəsi ilə söhbət zamanı şəhidin şərəfli həyat yolundan danışılıb və ev-muzeyindəki əşyaları haqqında məlumatlandırılıblar.
Rayon rəhbəri ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək, bu sahədə həyata keçirilən işlərin Cəlilabadda da davam etdirildiyini qeyd edib.
Şəhidin ailəsi dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Mahir Paşayev 1997-ci il sentyabrın 1-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Mahir Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Cəbrayılın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mahir Paşayev oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.
44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran Mahir Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət" ordeni, “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.






