Vətəndaşın yanmış evi sahibkar tərəfindən inşa ediləcək
Məlumat üçün bildiririk ki, 14 mart 2023-cü il tarixində Cəlilabad şəhəri, 28 may küçəsi 98 saylı ünvanda yerləşən Teymurov Arif Ağalar oğlu və Teymurova Nazilə Böyükağa qızının ailə üzvləri ilə birlikdə yaşadığı ümumi sahəsi 170 kvadratmetr olan birmərtəbəli evinin yanar konstruksiyaları və əşyaları tamamilə yanmışdır. Hər iki ailə yaşadıqları evi sığorta etdirmədikləri üçün çıxılmaz vəziyyətdə qalmışlar.
Həmin sakinlərlə eyni küçədə yaşayan sahibkar Mirəzim İsayev rayon icra hakimiyyətinə müraciət edərək ailəyə həmin həyətdə öz vəsaiti hesabına yeni fərdi yaşayış evinin tikilməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir.
Sahibkarın təşəbbüsü çox müsbət qarşılanmış, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və aparat əməkdaşları sahibkar Mirəzim İsayevlə birlikdə yanmış evə baxış keçirmişlər.
Zərərçəkmiş ailə üzvləri ilə söhbət edən icra başçısı sahibkar tərəfindən gözəl təşəbbüsün təqdirəlaiq olduğunu vurğulayıb, bu formada yanaşmaların hər bir sahibkar üçün örnək olduğunu bildirib. Mirəzim İsayev sahibkarlığın inkişafına göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib və bir ay müddətində yeni fərdi yaşayış evi inşa edərək ailəyə təhvil verəcəyini vurğulayıb.
Zərərçəkmiş ailə göstərilən diqqətə görə sahibkar Mirəzim İsayevə təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, daşınmaz əmlakın sığortalanması ilə bağlı uzun müddətdir qanun qəbul edilib. Amma buna baxmayaraq, əhali fərdi yaşayış evlərini və mənzillərini icbari sığorta etməyə nədənsə ciddi maraq göstərmir. Sığortadan yayınan heç kim zəmanət verə bilməz ki, sabah fərdi yaşayış evinin və ya mənzilinin təhlükəsizliyilə bağlı hansısa bir problem yaşanmayacaq. Hətta qonşunun mənzilində baş verən fövqəladə hadisə də digəri üçün də fəsadlarla nəticələnə bilər. Ona görə də sığortadan yayınmaq lazım deyil. Halbuki, bunu etməklə yaşana biləcək hər hansı bir fəsad zamanı dəymiş ziyanın müəyyən hissəsini kompensasiya edə bilərsiniz.