"Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı dəyirmi masa keçirilib
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində rayonda görülən işlər və qarşıya qoyulan mühüm vəzifələrlə bağlı dəyirmi masa keçirilib. 25 iyun 2024-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Vahid Mirzəyev, idarə və təşkilat rəhbərləri iştirak etmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəmiyyətin qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulayaraq, ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir.
Həmçinin qeyd edib ki, ölkə başçısının tapşırığına uyğun olaraq ölkə üzrə, o cümlədən Cəlilabad rayonunda qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər daha da gücləndirilməlidir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Vahid Mirzəyev “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı rayonda keçirilən tədbirlərdən, iməcilik və ağacəkmə aksiyalarından danışaraq geniş məruzə ilə çıxış edib.
Tədbirdə iştirak edən idarə və təşkilat rəhbərləri yaşıllaşdırma aksiyalarının aparıldığını, ətraf mühitin qorunması, məişət tullantılarının təmizlənməsi və digər istiqamətlərdə tədbirlərin uğurla davam etdiriləcəyini bildiriblər.