“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində rayonda görülən işlər və qarşıya qoyulan mühüm vəzifələrlə bağlı müşavirə keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, idarə və təşkilat rəhbərləri, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.
Müşavirədə giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəmiyyətin qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulayaraq, ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir.
Rafiq Cəlilov eyni zamanda cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək “COP29” sammiti ilə bağlı 1 oktyabr 2024-cü il tarixdən ölkəmizdə “İqlim aylığı” elan olunduğunu, bu müddət ərzində fəaliyyətləri zamanı atmosfer havasına tullantı atan müəssisələrdə qaz-toz tutucu qurğuların işlək vəziyyətə gətirilməsi, əhali arasında maarifləndirmə işlərinin aparılması, mülkiyyətində olan ərazilərdə tullantıların, quru otların və xəzəllərin yandırılmaması, mövcud olan bərk məşiət tullantı poliqonlarında yanma, tüstüləmə hallarına yol verilməməsi məqsədilə aidiyyəti qurumlara müvafiq göstərişlər vermişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı rayonda keçirilən tədbirlərdən, iməcilik və ağacəkmə aksiyalarından danışaraq müşavirə iştirakçılarına geniş məlumat verərək cari ilin oktyabr ayının 18-dən 28-dək Ələt-Astara yolunun (İpək yolu) Cəlilabad rayonunun ərazisindən keçən hissəsində (19 km ərazidə) həmişəyaşıl ağaclarının əkiləcəyini və həmin aksiyada iştirak etmələrini bildirmişdir.
Müşavirədə iştirak edən idarə və təşkilat rəhbərləri ətraf mühitin qorunması və yaşıllaşdırma aksiyalarının davamlı olmasının rayonumuz və dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini və ağacəkmə aksiyalarının təbiyyətimiz üçün xeyirli olduğunu bildirdilər.