Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib

11 sentyabr 2026 | 17:13

11 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib.

Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları Elman Nəsirov və Malik Həsənov, YAP Mərkəzi Aparatının nümayəndəsi Əli Axundov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon təşkilatının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra konfrans YAP Cəlilabad rayon təşkilatının binasında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövründə gördüyü işlər, qarşıya qoyulan vəzifələrin icrası və əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin inkişafına və dövlətçilik maraqlarına xidmət edən siyasi xətt üzrə ardıcıl fəaliyyət göstərib.

Çıxışda müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən bəhs olunub. Qeyd edilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz mühüm sosial-iqtisadi və siyasi nailiyyətlər əldə edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası 30 ildən artıq dövr ərzində şərəfli inkişaf yolu keçərək xalqımıza və dövlətimizə sədaqətlə xidmət edib və ölkəmizin aparıcı siyasi qüvvəsinə çevrilib.

RİH başçısı YAP-ın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinin danılmaz olduğunu vurğulayıb, partiyanın fəaliyyətinin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, YAP Cəlilabad rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, gənclərin və qadınların ictimai fəallığının artırılması, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsi, dövlət siyasətinin yerlərdə təbliği və həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir.

Milli Məclisin deputatları Elman Nəsirov və Malik Həsənov çıxışlarında Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir Azərbaycanın siyasi tarixinin mühüm hadisələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, ümumxalq partiyası olan YAP bu gün nəinki ölkəmizin, bütövlükdə regionun nüfuzlu siyasi təşkilatlarından biridir. Çıxışlarda xalqın Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını dəstəklədiyi, partiyanın ətrafında sıx birləşdiyi vurğulanıb.

Digər çıxış edənlər YAP-ın ölkənin ictimai-siyasi həyatında fəal rolundan, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıblar.

YAP Mərkəzi Aparatının nümayəndəsi Əli Axundov çıxışında Cəlilabad rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatlarında işin səmərəli təşkili, partiya üzvlərinin ictimai fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O, rayon təşkilatının qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlərin və əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib.

Konfransda YAP Cəlilabad rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib, Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Keçidlər